2020-ci il ərzində muxtar respublika üzrə nümunəvi sərnişindaşıma xidməti göstərən sürücülərin mükafatlandırılması ilə bağlı keçirilən tədbirdə çıxış edən sözü Dövlət Nəqliyyat Xidmətinin rəisi Əli Hüseynəliyev bildirib ki, dövlət qayğısı nəticəsində muxtar respublikamızda nəqliyyat sahəsi də öz yüksəliş dövrünə qədəm qoyub, bu istiqamətdə həyata keçirilən tədbirlər insanların rahatlığının təmin edilməsinə əlverişli zəmin yaradıb.
Bildirilib ki, 2020-ci il ərzində şəhərdaxili nəqliyyatda istifadə edilməsi üçün 6 ədəd “King-Long” markalı avtobus alınaraq gətirilib. Muxtar respublikada “İdeyadan başlanğıca” devizi altında innovasiyaya əsaslanan və elmi-texniki tərəqqini əks etdirən yeni layihə həyata keçirmək məqsədilə “Elektron taksi xidməti” yaradılıb.
Diqqətə çatdırılıb ki, hazırda muxtar respublika üzrə 313 avtobus, 496 taksi olmaqla, ümumilikdə, 800-dən artıq avtonəqliyyat vasitəsilə sərnişinlərə nümunəvi xidmət göstərilir. Xidmət tərəfindən mütəmadi olaraq nümunəvi xidmət göstərən, eləcə də ucqar dağ və sərhəd kəndlərinə işləyən sürücülərin fəaliyyətləri qiymətləndirilir, onlara lazımi köməklik göstərilir.
Sonra 2020-ci il ərzində nümunəvi sərnişindaşıma xidməti göstərən 60 sürücüyə müxtəlif nominasiyalar üzrə diplom, fəxri fərman, qiymətli hədiyyələr və oxunması zəruri olan kitablar təqdim olunub. Təltif olunanlardan Vaqif Quliyev yaradılan şəraitə, göstərilən qayğıya görə bütün sürücülər adından dövlətimizə minnətdarlıq edib.
Naxçıvan Şəhər Nəqliyyat İdarəsində keçirilən elektron taksi xidmətinin təqdimat mərasimində Dövlət Nəqliyyat Xidmətinin rəisi Əli Hüseynəliyev çıxış edərək bildirib ki, müasir həyatı taksisiz təsəvvür etmək mümkün deyil. Xüsusən də hər hansı bir уеrə gecikəndə lazımi ünvana vaxtında çatmaq üçün taksi xidmətindən istifadə etməli oluruq. Hazırda Naxçıvan Muxtar Respublikası üzrə 23-ü Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə, 473-ü isə fiziki şəxslərə məxsus olmaqla, ümumilikdə 496 taksi sərnişindaşıma fəaliyyəti göstərir. Ötən dövrdə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində taksi fəaliyyətinin müasir standartlara uyğunlaşdırılmasıistiqamətində böyük nailiyyətlər əldə olunub. Taksi fəaliyyəti göstərən avtomobillər üçün vahid dizayn müəyyən edilməsi, sürücülərin vahid geyim forması ilə təmin olunması, avtomobillərin təmizliyinə və texniki vəziyyətinə nəzarətin artırılması bu baxımdan xüsusilə diqqətəlayiqdir. Bu işlərin davamı olaraq, muxtar respublika rəhbərinin tapşırığına əsasən əhaliyə göstərilən taksi xidmətinin səviyyəsinin yüksəldilməsi, eləcə də operativ və keyfiyyətli fəaliyyətin təmin edilməsi məqsədilə innovasiyaya əsaslanan elektron taksi xidməti yaradılıb.
Qeyd olunub ki, mütərəqqi yeniliklərin və innovativ sistemlərin tətbiq edildiyi xidmətin qurulması üçün “BestcompGroup” MMC ilə müqavilə bağlanılıb, 4 kompüter dəsti və server avadanlığı alınıb gətirilib. Proqram təminatının qurulması və avadanlıqların sazlanması işi isə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mütəxəssisləri tərəfindən həyata keçirilib. Elektron taksi xidmətinin köməkliyi ilə müştərilər əlavə vaxt itirmədən sərfəli qiymətə və rahat şəkildə bütün telefon operatorlarından 288 qısa nömrəsinə zəng etməklə, həmçinin mobil tətbiq vasitəsi ilə taksi sifariş edə bilərlər.
Vurğulanıb ki, taksi operativlik və dəqiqlik tələb edən xidmət sahəsidir. Ona görə də elektron taksi xidməti funksiyasını rahat şəkildə icra edən proqram təminatı hazırlanıb, proqrama tariflər, yol xəritələri, ünvan adları və digər lazımi məlumatlar daxil edilib. Proqram vasitəsilə sifarişin dəyərinin avtomatik hesablanması, sifarişlərin sürücülər arasında paylanması, tariflərin rahat tənzimlənməsi işi həyata keçiriləcəkki, bu da sürücü sərnişin arasında şəffaflığa şərait yaradacaq, sərnişinin etibarlı şəkildə mənzil başınaçatdırılmasını təmin edəcək. Gələcəkdə bu sistemə yük maşınlarının və digər xidmətlərin də əlavə olunması nəzərdə tutulub.
Qeyd edək ki, “Taksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətə başlaması ilə 9 nəfər işlə təmin olunacaq ki, bu da əhali məşğulluğuna mühüm töhfədir.
“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəqliyyat sektorunun inkişafı, xüsusilə sərnişindaşıma xidmətinin təkmilləşdirilməsi sahəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Dövlət Proqramının uğurlu icrasının nəticəsidir ki, bu gün muxtar respublikada şəhərdaxili və rayonlararası sərnişindaşıma xidməti tələbata uyğun həyata keçirilir. Sərnişindaşıma təsərrüfatının maddi-texniki bazası ilbəil gücləndirilir, müasir avtobuslar alınaraq xəttə buraxılır.
İyunun 22-də Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə 6 yeni avtobus təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin rəisi Əli Hüseynəliyev çıxış edərək demişdir ki, muxtar respublikada müasir standartlara cavab verən yolların çəkilməsi, bütün xidmət imkanlarına malik avtovağzalların istifadəyə verilməsi, beynəlxalq marşrutlarda, eləcə də Naxçıvan şəhərdaxili nəqliyyatda iritutumlu, yüksək komfortlu avtobusların xəttə buraxılması nəqliyyat xidmətinin inkişafına səbəb olmuşdur. Sərnişindaşıma sahəsində operativliyin və əhalinin rahatlığının təmin edilməsi məqsədilə son vaxtlar Naxçıvan şəhərdaxili nəqliyyatında 9 və 10 nömrəli marşrutlar açılmış, həmçinin Naxçıvan-Əshabi-Kəhf, Heydərabad-Naxçıvan, Boyəhməd-Naxçıvan, Kəngərli-Naxçıvan marşrutları fəaliyyətə başlamışdır. Hazırda muxtar respublikada rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilmiş, sərhəd və ucqar dağ kəndlərinə işləyən avtomobillərin hərəkətinə diqqət artırılmışdır. Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin də maddi-texniki bazası möhkəmləndirilmişdir. Təqdim olunan yeni avtobuslar bu sahədə görülən işlərin davamıdır. Əli Hüseynəliyev muxtar respublikada nəqliyyatın inkişafına göstərilən qayğıya görə kollektiv adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Naxçıvan Muxtar Respublikası uzun illərdir blokada şəraitində yaşayır. Ona görə də əhalinin ictimai nəqliyyatdan rahat istifadəsi üçün lazımi tədbirlər görülür. Naxçıvan-Bakı istiqamətində hava nəqliyyatının fəaliyyət göstərməsi, Naxçıvan şəhərindən Bakı şəhərinə, qarşılıqlı müqavilələr əsasında Türkiyə və İrana avtobus marşrutlarının açılması, eləcə də muxtar respublika daxilində sərnişindaşıma xidmətinin təşkili imkan verir ki, əhali daxili və beynəlxalq sərnişindaşıma xidmətindən rahat istifadə etsin.
Ali Məclisin Sədri demişdir: Muxtar respublika daxilində bütün yaşayış məntəqələrini əhatə etməklə 140-a yaxın marşrut xəttində dövlət və şəxsi nəqliyyat vasitəsilə, eləcə də taksilərlə əhaliyə sərnişindaşıma xidməti göstərilir. Bu da xidmətin düzgün rəqabət şəraitində təşkilinə hesablanıb. Təqdim olunan yeni avtobuslar Naxçıvan şəhərdaxili marşrutunda fəaliyyət göstərəcəkdir. Naxçıvan şəhəri muxtar respublikanın paytaxtıdır. Ona görə də hər gün rayon mərkəzi və kəndlərdən Naxçıvan şəhərinə marşrutlar işləyir. Əhali Naxçıvan şəhərinə daha çox gəlir. Bütün bunlar da şəhərdaxili sərnişindaşıma xidmətinin müasir tələblər səviyyəsində qurulmasını zəruri edir. Tələbata uyğun alınan müasir avtobuslar sərnişinlərə yüksək səviyyəli xidmət göstərməyə imkan verəcəkdir.
Ali Məclisin Sədri demişdir: Hər həftə sonu Naxçıvan şəhərində kənd təsərrüfatı yarmarkaları keçirilir, təsərrüfat sahibləri öz məhsullarını satışa çıxarırlar. Bu səbəbdən də Dövlət Nəqliyyat Xidməti kəndlərdən Naxçıvan şəhərinə, eləcə də yarmarkaların keçirildiyi ərazilərə marşrut xidmətinin təşkilinə xüsusi diqqət yetirməlidir. Eyni zamanda avtobuslardan səmərəli istifadə olunmalı, onlara vaxtında texniki qulluq göstərilməlidir.
“Yeni avtobuslar sərnişindaşıma xidmətini yaxşılaşdırmaqla yanaşı, həm də 12 nəfər işlə təmin olunacaqdır”, - deyən Ali Məclisin Sədri yeni avtobuslardan istifadə edəcək sürücülərin seçiminə diqqət yetirilməsi və xidmətin təşkili ilə bağlı tapşırıqlar vermişdir.
Baxış zamanı bildirilmişdir ki, Naxçıvan şəhərində sərnişindaşıma xidməti 10 marşrut xəttində 66 avtobusla həyata keçirilir. Yeni alınan “KİNG-LONG” markalı 6 avtobusun hər biri 22-si oturacaq, 20-si ayaqüstü olmaqla 42 sərnişin yerlikdir. Şəhərdaxili yollarda hərəkət üçün xüsusi dizayn olunan avtobuslar yumşaq oturacaqlar, siyirməli şüşələr, yanğınsöndürən balonlar, dərman çantası, ön, yan və arxa tərəfində elektron məlumat lövhələri, havalandırma sistemi ilə təchiz edilmişdir. Avtobusların mühərrik bölməsində avtomatik işə salınan yanğınsöndürən, eləcə də hər hansı texniki problem zamanı qapıların mexaniki üsulla açılmasına imkan verən xüsusi qurğu quraşdırılmışdır. Dizel yanacağı ilə işləyən avtobusların mühərriki “Avro 5” standartına uyğundur.
Yeni avtobusların şəhərin mərkəzi küçə və prospektlərində fəaliyyət göstərən 3, 4 və 5 nömrəli marşrutlarda işləməsi nəzərdə tutulmuşdur. Avtobuslarla birlikdə dəyəri 66 min manat olan ehtiyat hissələri də alınıb gətirilmişdir ki, bu da əvvəlki illərdə gətirilmiş və təmirə ehtiyacı olan avtobusların daim saz vəziyyətdə saxlanılmasını təmin edəcəkdir.
2019-cu il ərzində muxtar respublika üzrə nümunəvi sərnişindaşıma xidməti göstərən sürücülərin mükafatlandırılması ilə bağlı keçirilən tədbiri giriş sözü ilə Dövlət Nəqliyyat Xidmətinin rəisi Əli Hüseynəliyev açıb.
Bildirib ki, muxtar respublikada nəqliyyatın inkişafına göstərilən qayğı daimi xarakter alıb. Bunun ifadəsidir ki, ötən müddət ərzində Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin maddi-texniki bazası möhkəmləndirilib, yeni gətirilmiş avtobusların hesabına sərnişindaşıma xidmətinin keyfiyyəti daha da yüksəldilib. Hazırda muxtar respublika üzrə 313 avtobus, 496 taksi olmaqla, ümumilikdə, 800-dən artıq avtonəqliyyat vasitəsilə sərnişinlərə nümunəvi xidmət göstərilir.
Beynəlxalq sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən də danışan Əli Hüseynəliyev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərmanına əsasən ötən il ərzində 800-dən artıq sahibkara lisenziya verilib.
Diqqətə çatdırılıb ki, Dövlət Nəqliyyat Xidməti tərəfindən mütəmadi olaraq nümunəvi xidmət göstərən, eləcə də ucqar dağ və sərhəd kəndlərinə işləyən sürücülərin fəaliyyətləri qiymətləndirilir.
Sonra 2019-cu il ərzində nümunəvi sərnişindaşıma xidməti göstərən 60 sürücüyə müxtəlif nominasiyalar üzrə diplom, fəxri fərman və qiymətli hədiyyələr verilib. “İlin ən yaxşı sürücüsü” nominasiyası üzrə Naxçıvan şəhərdaxili 5 nömrəli marşrutun sürücüsü Duman Nəcəfov, “İlin ən yaxşı avtobus sürücüsü” nominasiyası üzrə Culfa-Naxçıvan marşrutunun sürücüsü Vaqif Quliyev və “İlin ən yaxşı taksi sürücüsü” nominasiyası üzrə isə Şərur rayonundan İlqar Mustafayev təltif olunublar.
Sonra tədbir iştirakçıları Xatirə Muzeyini ziyarət ediblər.
Naxçıvan-Əshabi-Kəhf-Naxçıvan avtobus marşrutu fəaliyyətə başlayıb
Qədim inancları, möcüzəvi sirləri özündə yaşadan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət etmək istəyən çoxsaylı turistlərin, zəvvarların, qonaqların, eləcə də muxtar respublika sakinlərinin rahat gediş-gəlişini təmin etmək məqsədilə yeni Naxçıvan-Əshabi-Kəhf-Naxçıvan avtobus marşrutu fəaliyyətə başlayıb.
Marşrut hər gün 2 reys olmaqla, saat 8:30 və 14:00-da Naxçıvan şəhərindəki avtovağzaldan Əshabi-Kəhfə, saat 12:00 və 17:00-da isə “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksindən əks istiqamətə yola düşəcək. Sərnişin sıxlığı nəzərə alınaraq həftənin şənbə və bazar günləri dörd reys həyata keçiriləcək.
Muxtar respublikaya gələn qonaqların bu marşrutdan səmərəli istifadə etmələri üçün “Təbriz” və “Grand” otellərinin, eləcə də “Cahan” Ticarət Mərkəzinin qarşısında avtobusların dayanacaq yerləri müəyyən olunub.
Səhifə 1 > 3-dən