Yeni layihə: “Nəqliyyat könüllüləri”
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar Dövlət Nəqliyyat Xidməti tərəfindən “İdeyadan başlanğıca” layihəsi çərçivəsində “Nəqliyyat könüllüləri” adlı tədbir keçirilib.
Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Dövlət Texniki Kollecinin müvafiq ixtisasları üzrə təhsil alan tələbələrin iştirakı ilə təşkil olunan tədbiri xidmətin rəisi Əli Hüseynəliyev açaraq hamiliklə bağlı imzalanan sərəncamların əhəmiyyətindən və görüləcək işlərdən bəhs edib.
Bildirilib ki, 2019-cu il aprel ayının 15-də keçirilən müşavirədə innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin (startapların) həyata keçirilməsi ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub. Bu vəzifələrin icrasını təmin etmək məqsədilə Dövlət Nəqliyyat Xidməti tərəfindən müxtəlif səpkili tədbirlərin təşkili nəzərdə tutulub.
Qeyd olunub ki, “İdeyadan başlanğıca” layihəsi çərçivəsində “Nəqliyyat könüllüləri” adlı tədbirin keçirilməsində əsas məqsəd könüllülük fəaliyyətinin tərbiyəvi əhəmiyyətinin təşviqi, bu prosesə gənclərin qoşulmasının təmin edilməsi, avtonəqliyyat xidməti sahəsində könüllülərin yetişdirilməsi və gələcəkdə onların Dövlət Nəqliyyat Xidmətində və aid təşkilatlarda müvafiq işlə təmin olunmasından ibarətdir.
Vurğulanıb ki, “Nəqliyyat könüllüləri” adlı tədbir sürücülərin və ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin iştirakı ilə təşkil olunacaq. Bu tədbir vasitəsilə könüllülər ictimai nəqliyyat vasitələrinin sürücülərini daha məsuliyyətli və cəmiyyətə qarşı daha qayğıkeş olmağa, sərnişinləri isə yol hərəkətinin təhlükəsizliyi qaydalarına məsuliyyətlə yanaşmağa, sərnişin daşıyan avtobuslardan istifadə edərək avtobusdaxili qaydalara və səliqə-sahmana riayət etməyə çağıracaqlar. Bir ay ərzində davamlı olaraq iki mərhələ şəklində keçirilməsi nəzərdə tutulan tədbir birinci mərhələdə şəhərdaxili, ikinci mərhələdə isə şəhərlərarası sərnişindaşıma fəaliyyəti göstərən ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlər arasında reallaşdırılacaq.
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxışında son illərdə dövlətimiz tərəfindən gənclər sahəsində həyata keçirilən tədbirlərin, eləcə də hamiliklə bağlı imzalanan sərəncamların, xüsusilə də 2019-cu il 3 aprel tarixli Sərəncamın əhəmiyyəti barədə danışıb.
Sonra nəqliyyat könüllüləri Dövlət Nəqliyyat Xidməti əməkdaşlarının müşayiəti ilə qruplar şəklində təbliğat xarakterli məlumatları ictimai nəqliyyat vasitələrindən istifadə edən sürücü və sərnişinlərə çatdırıb, onlara bukletlər paylayıblar.