Hər gün 32 avtobus, 70 taksi maşını rayondaxili xətlərə çıxır

ÇapE-poçt


Şərur rayonunda sərnişindaşıma işini nizamlamaq, bu sahədə pərakəndəliyi aradan qaldırmaq, xidmətin səviyyəsini yaxşılaşdırmaq, bununla da əhalinin rahatlığını təmin etmək məqsədi ilə Şərur şəhərində müasir avtovağzal fəaliyyət göstərir.

1.248 kvadratmetr sahəni əhatə edən avtovağzalda gün ərzində 2 min sərnişinə xidmət etmək, 40 avtobusu qəbul edib, yola salmaq mümkündür. Avtovağzaldakı avtomobil dayanacağı, sahəsi 121 kvadratmetr olan 75 yerlik gözləmə zalı, 3 iş otağı rayondaxili marşrutların tənzimlənməsini, avtobusların eyni mərkəzdən hərəkət etməsini həyata keçirir.

Hazırda hər gün rayon daxilində 32 ədəd müxtəlif tutumlu avtobus, 70 ədəd «NAZ-lifan» markalı taksi maşını xəttə çıxır. Şərur-Sədərək, Şərur-Şahtaxtı, Şərur-Naxçıvan marşrutları üzrə də avtobuslar işləyir, iritutumlu müasir və rahat avtobuslar isə Şərur-Bakı və Şərur-İstanbul marşrutları üzrə fəaliyyət göstərir.

Ümumiyyətlə, bu gün Şərurun demək olar ki, bütün yaşayış məntəqələrinin əhalisi avtobus marşrutlarından istifadə edirlər. İlin əvvəlindən indiyədək daha bir neçə rayondaxili marşrut açılmışdır ki, bu da kənd sakinlərinin rayon mərkəzinə gəlib-getməsini asanlaşdırıb.

Qeyd edək ki, bütün marşrutlar tərtib olunmuş dəqiq qrafik əsasında işləyir. İlin əvvəlindən Şərur-Bakı istiqamətində 850, Şərur-İstanbul, Şərur-Naxçıvan və rayondaxili marşrutlar üzrə 20 minə yaxın, taksi nəqliyyatı ilə 35 min sərnişinə xidmət göstərilmişdir. Beləliklə, ilin əvvəlindən yuxarıda qeyd olunan marşrutlar üzrə 54 min 900 sərnişinə xidmət göstərilmişdir.

Marşrutların intensiv hərəkətinin təmin olunmasını, sərnişinlərin mənzil başına vaxtında və təhlükəsiz çatdırılmasını təmin etmək məqsədi ilə avtobuslara və taksilərə vaxtaşırı texniki baxış keçirilir, istismar müddəti başa çatmış ehtiyat hissələri təzələnir, sürtgü yağları, soyuducu maye dəyişdirilir.

Joomla 1.5