Nümunəvi sürücülər mükafatlandırılıb

Çap

 

2020-ci il ərzində muxtar respublika üzrə nümunəvi sərnişindaşıma xidməti göstərən sürücülərin mükafatlandırılması ilə bağlı keçirilən tədbirdə çıxış edən sözü Dövlət Nəqliyyat Xidmətinin rəisi Əli Hüseyn­əliyev bildirib ki, dövlət qayğısı nəticəsində muxtar respublikamızda nəqliyyat sahəsi də öz yüksəliş dövrünə qədəm qoyub, bu istiqamətdə həyata keçirilən tədbirlər insanların rahatlığının təmin edilməsinə əlverişli zəmin yaradıb.

Bildirilib ki, 2020-ci il ərzində şəhərdaxili nəqliyyatda istifadə edilməsi üçün 6 ədəd “King-Long” markalı avtobus alınaraq gətirilib. Muxtar respublikada “İdeyadan başlanğıca” devizi altında innovasiyaya əsaslanan və elmi-texniki tərəqqini əks etdirən yeni layihə həyata keçirmək məqsədilə “Elektron taksi xidməti” yaradılıb.
Diqqətə çatdırılıb ki, hazırda muxtar respublika üzrə 313 avtobus, 496 taksi olmaqla, ümumilikdə, 800-dən artıq avtonəqliyyat vasitəsilə sərnişinlərə nümunəvi xidmət göstərilir. Xidmət tərəfindən mütəmadi olaraq nümunəvi xidmət göstərən, eləcə də ucqar dağ və sərhəd kəndlərinə işləyən sürücülərin fəaliyyətləri qiymətləndirilir, onlara lazımi köməklik göstərilir.
Sonra 2020-ci il ərzində nümunəvi sərnişindaşıma xidməti göstərən 60 sürücüyə müxtəlif nominasiyalar üzrə diplom, fəxri fərman, qiymətli hədiyyələr və oxunması zəruri olan kitablar təqdim olunub. Təltif olunanlardan Vaqif Quliyev yaradılan şəraitə, göstərilən qayğıya görə bütün sürücülər adından dövlətimizə minnətdarlıq edib.