Elektron taksi xidmətinin təqdimatı olub

Çap

Naxçıvan Şəhər Nəqliyyat İdarəsində keçirilən elektron taksi xidmətinin təqdimat mərasimində Dövlət Nəqliyyat Xidmətinin rəisi Əli Hüseynəliyev çıxış edərək bildirib ki, müasir həyatı taksisiz təsəvvür etmək mümkün deyil. Xüsusən də hər hansı bir уеrə gecikəndə lazımi ünvana vaxtında çatmaq üçün taksi xidmətindən istifadə etməli oluruq. Hazırda Naxçıvan Muxtar Respublikası üzrə 23-ü Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə, 473-ü isə fiziki şəxslərə məxsus olmaqla, ümumilikdə 496 taksi sərnişindaşıma fəaliyyəti göstərir. Ötən dövrdə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində taksi fəaliyyətinin müasir standartlara uyğunlaşdırılmasıistiqamətində böyük nailiyyətlər əldə olunub. Taksi fəaliyyəti göstərən avtomobillər üçün vahid dizayn müəyyən edilməsi, sürücülərin vahid geyim forması ilə təmin olunması, avtomobillərin təmizliyinə və texniki vəziyyətinə nəzarətin artırılması bu baxımdan xüsusilə diqqətəlayiqdir. Bu işlərin davamı olaraq, muxtar respublika rəhbərinin tapşırığına əsasən əhaliyə göstərilən taksi xidmətinin səviyyəsinin yüksəldilməsi, eləcə də operativ və keyfiyyətli fəaliyyətin təmin edilməsi məqsədilə innovasiyaya əsaslanan elektron taksi xidməti yaradılıb.

Qeyd olunub ki, mütərəqqi yeniliklərin və innovativ sistemlərin tətbiq edildiyi xidmətin qurulması üçün “BestcompGroup” MMC ilə müqavilə bağlanılıb, 4 kompüter dəsti və server avadanlığı alınıb gətirilib. Proqram təminatının qurulması və avadanlıqların sazlanması işi isə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mütəxəssisləri tərəfindən həyata keçirilib. Elektron taksi xidmətinin köməkliyi ilə müştərilər əlavə vaxt itirmədən sərfəli qiymətə və rahat şəkildə bütün telefon operatorlarından 288 qısa nömrəsinə zəng etməklə, həmçinin mobil tətbiq vasitəsi ilə taksi sifariş edə bilərlər.

Vurğulanıb ki, taksi operativlik və dəqiqlik tələb edən xidmət sahəsidir. Ona görə də elektron taksi xidməti funksiyasını rahat şəkildə icra edən proqram təminatı hazırlanıb, proqrama tariflər, yol xəritələri, ünvan adları və digər lazımi məlumatlar daxil edilib. Proqram vasitəsilə sifarişin dəyərinin avtomatik hesablanması, sifarişlərin sürücülər arasında paylanması, tariflərin rahat tənzimlənməsi işi həyata keçiriləcəkki, bu da sürücü sərnişin arasında şəffaflığa şərait yaradacaq, sərnişinin etibarlı şəkildə mənzil başınaçatdırılmasını təmin edəcək. Gələcəkdə bu sistemə yük maşınlarının və digər xidmətlərin də əlavə olunması nəzərdə tutulub.

Qeyd edək ki, “Taksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətə başlaması ilə 9 nəfər işlə təmin olunacaq ki, bu da əhali məşğulluğuna mühüm töhfədir.